Daşdəmir Bayramov

Uşaqlıqda bağımızda palçıq və qumdan binalar qururdum. İllər sonra real tikinti proseslərinin içindəykən anladım - o başlanğıc təsadüf deyilmiş. Memar olmaq bir gündə qərar verilən şey deyildi. Arxaya baxanda görürəm ki, həmişə o yolda idim.

Mən Daşdəmir Bayramov. Memar, dizayner və Autodesk Certified Instructor (ACI). 

Memarlıq üzrə bakalavr və magistr təhsilimi Bakı Mühəndislik Universitetində (tədris ingilis dilli) proqramı üzrə fərqlənmə ilə tamamladım.

2017-ci ildə universitetdə "Memarlıq və Dizayn" tələbə klubunu təsis etdim. Fəaliyyətimiz dövründə 20-dən çox layihəyə, sərgiyə və akademik təşəbbüsə imza atdıq. O illərdə qazandığım ən mühüm təcrübə təkcə liderlik bacarığı deyil, həm də insanları dinləmək, onlarla ortaq məxrəcə gəlmək və fikrimi aydın şəkildə ifadə etmək qabiliyyəti oldu. 

2022-2024-cü illərdə bərpa memarlığı sahəsində çalışdım. Tarixi tikililərin sahəyə gedib ölçülməsi, analiz edilməsi, layihələndirilməsi. Bu iş mənə bir həqiqəti öyrətdi: hər binanın arxasında bir qərar, bir tarix, bir həyat var. Binalar insanlar kimi - hər birinin öz hekayəsi var.

O dövrdən bu günə Memar - Dizayner olaraq onlarla layihə tamamladım - fərdi yaşayış evləri, restoranlar, zavod və sənaye kompleksləri, vağzallar, müxtəlif təyinatlı mövcud obyektlər. Hər biri fərqli problem, fərqli məntiq, fərqli tələblər.

Paralel olaraq AutoCAD, Revit, Archicad və 3ds Max kimi bir çox proqramları ACI olaraq tədris edirəm. Məqsədim təkcə proqram öyrətmək deyil - tələbəni bu alətlərlə real layihədə müstəqil düşünə bilən peşəkara çevirmək. Bunu bir memar kimi edirəm.

Azərbaycanda BIM (Bina İnformasiya Modelləşdirilməsi) hələ geniş tətbiq tapmayıb. Mən bu sahəni ana dilimizdə peşəkar məzmunlarla tanıtmağa çalışıram. Çünki bu texnologiya memarlıq iş tərzini kökündən dəyişəcək - lokal bazarın bu dəyişiklikdən geri qalmaması lazımdır.

Memarlığı sadəcə layihə kimi deyil, gələcəyi bu gündən inşa edən bir proses kimi görürəm. 

Bu yolda həm layihələndirirəm, həm öyrədirəm, həm yazıram.